27 Aralık 2007 Perşembe

KITABLARIN DUNYASI

Allah insanı yaratdi, seçərək yüksəltdi,
Ona ərdəm, bilik, ağıl və idrak verdi.
Ona könül verdi, dilini açdı,
Ona qamət, qılıq və hərəkət bəxş etdi.
Allah kimə ağıl, idrak və bilik verdisə,
O, çox yaxşılıqlara əlini uzatdı.
Biliyi böyük bil, idrakı ulu,
Bu iki şey yüksəldir seçilmiş qulu
Bu sözü eşit və bu haqda sözünü kəs:
“Harda idrak olsa, orada ululuq olar,
Kimdə bilik olsa o, böyük olar”

Yusif Xas Xacibin “Qutadğu Bilig” əsərindən

İnsan həyata bir dəfə gəlir...Sadəcə bir dəfə. İkinci bir şans heç kimə verilmir. Hər kəs həyatda müəyyən bir vaxt yaşayır, bəzisi 80 il, bəzisi 40 il, bəzisi daha çox, bəzisi daha az. 33 illik ömrü ilə dünyanı fəth edən İskəndər,29 illik ömrü ilə qəlbləri fəth edən Müşfiq. Amma onların yanında 80 il 90 il yaşayıb az qala heç nə etməyən milyonlarla insan.
Göründüyü kimi, əsas məsələ nə qədər yaşamaq deyil, necə yaşamaqdır.Sizə yalnız bir dəfə nəsib olan ömrü televizor arxasında, heç bir məqsədi olmayan söhbətlərdə, barlarda, diskotekalarda, lazımsız gəzintilərdə, yataraq keçirə bilərik və ya gələcəyiniz və indiniz üçün faydalı işlərdə, elm öyrənməkdə,özünüzün, ailənizin, dövlətinizin rifahını yüksəltmək üçün çalışmaqda keçirə bilərsiniz. Siz ömrünüzü dar düşüncəli, savadsız, cəsarətsiz, dar dünya görüşlü, bilmədiyini belə bilməyən şəkildə və ya daim bilmədiyini öyrənən, öyrəndiklərini təhlil edən və lazım bildiklərini cəsarətlə tətbiq edən, öyrəndiklərini öyrədən, dünyanı, insanları və ən əsası özünü dərk edə bilən bir insan olaraq keçirə biləsiniz. Seçim özünüzündü..
Unutmayın, yaşadığımız dövrdə həyatınızı boş və mənasız “yaşamaq” üçün hər cür şərait var. Bununla yanaşı həyatı doğrudan da faydalı və xoşbəxt yaşamaq üçün də hər bir şərait var. İlk öncə seçiminizi etməlisiniz:
1-Televizor, sərhədsiz əyləncə, saatlarla davam edən faydasız söhbətlər, virtual aləmdə “yaşamaq”, mənasız məqsədlər uğrunda həyatımızı məhv etmək, dar düşüncə, uğursuzluq, narahtçılıq, bədbəxtlik, cəsarətsizlik və nəticədə mənasız bir ömür keçirmək
2-Texnologiyadan qədərində və faydalı istifadə etmək,əylənməyin də,söhbət etməyin də miqdarını tənzimləyə bilmək, hər işi vaxtında görmək, öz gələcəyiniz, ailənizin və xalqınızın gələcəyi üçün faydalı məqsədlər müəyyən etmək və bu məqsədlər uğrunda çalışmaq, müvəffəqiyyət, daxili rahatlıq, xoşbəxt həyat, ailəsinə, xalqına, milyonlarla insana və nəticədə bütün dünyaya faydalı bir ömür keçirmək.
Əgər bu kitabı alıb oxuyursunuzsa deməli faydalı bir ömür keçirmək istəyirsiniz. Faydalı və xoşbəxt ömür keçirmək üçün belə bir ömrü keçirməyin yolunu bilmək lazımdır.Hətta ilk öncə faydalı ömrün nə olduğunu bilmək lazımdır .Unutmayın ki,milyonlarla insan faydalı bir ömür keçirdiyini hesab etdiyi halda ömürlərinin sonunda əslində faydalı hesab etdikləri həyatı nə qədər mənasız və boş “yaşadıqlarını” dərk etmişlər.Çox vaxt da sonrakı peşmançılıq fayda vermir.
İnsan faydalı həyatın nə demək olduğunu ilk olaraq öz ailəsindən öyrənir.Daha sonra dostlarından və ümumilikdə yaşadığı mühitdən faydalı həyatın nə demək olduğunu –ona təqdim edilmiş formada- öyrənir. Bunlara əlavə olaraq kütləvi informasiya vasitələrinin də insanın düşüncəsinə çox böyük təsiri olduğunu unutmaq olmaz.Bəs indi insan haradan bilsin ki,yaşadığı sosial mühitin ona təqdim etdiyi faydalı həyat anlayışı doğrudur? Bunu bilmək üçün insanın mühakimə(götür-qoy etmək)qabiliyyəti olmalıdır. Yəni insan sosial mühitdən gələn məlumatları sosial mühitin təsirindən çıxaraq mühakimə edib doğrunu səhvdən ayıra bilmək qabiliyyətinə malik olmalıdır.Əgər insanda bu qabiliyyət yoxdursa o insanın öz fikri olmur. Öz fikri olmayan insan isə həyatı faydasız yaşamağa məhkumdur. Həmin insan bir iş görəndə həmişə “görəsən filankəs nə deyər?”, ”filankəsin yanında biabır oldum” kimi düşüncələrlə yaşayır. O heç vaxt “mən nə düşünürəm?” deməz.
Ətrafdakıların bizi idarə etməməsi və bizim fikirlərimizə hörmət göstərməsi üçün ancaq bir yol var, o da düzgün informasiya qəbul etməkdir. Düzgün informasiya qəbul etmək üçün qəbul etmək istədiyimiz informasiyanı özümüz seçməliyik.Bunun da ancaq bir yolu var:Kitab oxumaq. Niyə məhz kitab oxumaq? Çünki, televiziya və radio bizim istəyimizlə hərəkət etmir və bu da təbiidir. Siz hansısa bir televiziya kanalına zəng vurub desəniz ki: ”mən istəyirəm ki, filan mövzu haqqında hər həftə bir veriliş verəsiniz” sizin fikriniz nə dərəcə də nəzərə alınar”?. Əgər düşünsək ki, bir neçə saniyəlik reklam üçün minlərlə manat pul ödəmək lazımdır, yəqin ki, fikrim aydın olar.
Digər bir informasiya mənbəyi ailədir. Yəni valideynlərdir. Tutaq ki, sizin atanız həkimdir. Təbii ki,ondan tibb haqqında məlumat almaq istəsəniz sizə müəyyən, hətta çox geniş və dəqiq məlumat verə bilər.Amma ondan insanlar arasıdakı münasibətin keyfiyyətini artırmaq haqqında məlumat almaq istəsəniz, əgər o xüsusi olaraq bu mövzu ilə maraqlanmayıbsa sizə ancaq öz şəxsi təcrübəsindən başqa nə deyə bilər? Yəqin ki, heç nə. Ona ailədə xoşbəxt olmağın yolunu soruşsanız, yenə alacağınız cavab şəxsi təcrübəsindən irəli gələn düşüncələri olacaq.Bir insanın həyatında yaşadığı şəxsi təcrübə əlbəttə ki, o qədər geniş ola bilməz. Hətta siz diş həkim olan atanızdan cinayətkarın psixologiyası barədə məlumat almaq istəsəniz yəqin ki, heç bir məlumat ala bilməzsiniz.
Dostlar və sosial mühit də informasiyaının digər bir mənbəyidir. Əgər sizin ətrafınızda dindar bir insan yoxdursa dini bilgiləri necə alacaqsınız? Tarixşünas dostunuz yoxdursa Ağqoyunlular, Səfəvilər, xanlıqlar haqqında məlumatı necə əldə edəcəksiniz? Rəssam dostunuz yoxdursa Leonardo Da Vinçi haqqında məlumatı necə əldə edəcəksiniz? Ədəbiyyatşünas dostunuz yoxdursa Hötenin “Faust” əsərinin, Viktor Hüqonun “Səfillər” əsərinin, Hüseyn Cavidin “İblis” əsərinin niyə bu qədər məşhur olduğunu haradan öyrənəcəksiniz? Dərsdə, işdə, ailədə bir sözlə həyatda necə uğur qazanacağınızı sizə hansı dostunuz deyə bilər? Əlbəttə, bunların hamsını vərəqlərdən ibarət dostlarınız, yəni kitablar deyə bilər. Kitablardan siz hər cür informasiyanı əldə edə bilərsiniz. Kitabların gözəlliyi ondadır ki,sizə çox geniş seçim imkanı verirlər. Yəni istəsəniz ailə, dostluq, xoşbəxtlik haqqında,istəsəniz iş, dərs haqqında, istəsəniz Leonardo Da Vinçi, Viktor Hugo və minlərlə böyük şəxsiyyətlər haqqında,istəsəniz Avstraliya, Çin, Yaponiya haqqında, istəsəniz də Adidas, Polo, Mersedes-Benz, HP, Dell, Honda haqqında məlumat əldə edə bilərsiniz. Hətta bu məlumatı kimdən almaq istəsəniz ondan almaq seçimini də kitablar sizə verir. Yəni məsələn eyni mövzu haqqında A adlı şəxsin və B adlı şəxsin kitabı varsa siz istədiyinizi seçə bilərsiniz. Kitablardan aldığınız məlumatlar daha dəqiq olur, çünki bu məlumatlar aylarla,illərlə,bəzən isə əsrlərlə aparılan geniş araşdırmaların nəticəsində kitablara yazılır.
Bir sözlə ancaq bir dəfə gəldiyiniz bu həyatı mənalı və faydalı yaşamaq üçün kitab oxumalısınız.











Onun üçün çox fərqi oldu.
Bir nəfər cavan oğlan səhər tezdən istirahət etdiyi mehmanxanadan çıxıb sahilə gəzməyə gedir. Görür ki, sahildə orta yaşlı bir kişi qumun üzərimdə olan dəniz ulduzlarını bir-bir götürüb suya atır. Kişinin bu hərəkəti ona çox qəribə gəlir. Kişiyə yaxınlaşıb, ondan soruşur:
“Siz nəyə görə dəniz ulduzlarını suya atırsınız?”
“ Gecə vaxtı su qalxır, səhərə yaxın çəkilir. Çəkiləndə də dəniz ulduzları qumda qalırlar. Bir az sonra gün çıxacaq, qumda olan dəniz ulduzları günəşin istisində quruyub öləcəklər, ona görə də mən bunları suya atıram”
Sahil çox geniş idi. Ətrafda minlərlə dəniz ulduzu var idi. Oğlan bu mənzərəni görüb kişiyə dedi:
“Sahildə minlərlə dəniz ulduzu var. Siz isə onları bir-bir dənizə atırsınız. Gün çıxanda onsuz da minlərlə dənizi ulduzu quruyacaq. Sizin dənizə dəniz ulduzu atmağınızın nə fərqi olacaq ki?”
Kişi yerdən bir dəniz ulduzunu götürüb suya atdı və dedi:
“Onun üçün çox fərqi oldu”
Həmin gündən sonra cavan oğlan, tətili qurtaranadək hər gün tezdən dəniz ulduzlarını suya atmağa başladı.

Bu həyatda hamımız həmin dəniz ulduzlarına bənzəyirik, bir çoxumuz həyatın bəzi vaxtlarları dənizdən, yəni həyatdan kənara çıxırıq. Gözləyirik ki, kimsə bizi həyata qaytarsın. Bizim dəniz ulduzundan bir fərqimiz var. Dəniz ulduzları dənizdən çıxanda da, yenidən dənizə atılanda da özləri heç nə edə bilmirlər. Bizim isə ağlımız və iradəmiz var. Yəni dənizdən çıxan da özümüzük, yenidən həyata qayıtmalı olan da. Heç vaxt gözləməyin ki, kimsə sizi həyata qaytarsın. Unutmayın, çox vaxt bu gözləmək bir ömür boyu davam edir. Amma ətrafınızda belə insanlar varsa, onlara mütləq kömək edin. Təkcə bir insana kömək etsəniz belə, bunu edin. Bəlkə dünya üçün bunun əhəmiyyəti olmayacaq, amma həmin insan üçün və sizin üçün bunun çox böyük əhəmiyyəti olacaq.
Bu kitabı yazmaqda mənim məqsədim sizə kitab oxumağı sevdirməkdir. Kitab oxumağı təkcə sizə sevdirə bilsəm belə, bu mənim üçün kifayətdir. Çünki, kitab oxumağı sevmək, sizin həyatınızı dəyişəcək. Bəli, bu kitabla mən sizə kitab oxumağı sevdirə bilsəm bəlkə də dünya dəyişməyəcək, dünya üçün bunun bir fərqi olmayacaq, amma sizin üçün və mənim üçün bunun çox fərqi olacaq. Həm də kim deyə bilər ki, sizin dəyişməyiniz dünyanı dəyişməyəcək?